Ana Dilimiz ─  Milli Varlığımız / Dr. Rahilə MƏMMƏDOVA

(AZERBAYCAN)

XÜLASƏ

Əsrlər boyu xalqımız dilin yaşanması, saflığın qorunması uğrunda mübarizə aparmışdır. Yüzilliklər boyu bizə bələdçilik edən doğma dilimiz! Hələ öztən yüzilliklərdə Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, F.Köçərli, Ü.Hacıbyov, C.Məmmədquluzadə, B.Vahabzadə kimi ustadlar dilin yaşarlılığını, saflığını hifz etməyə çalışmışlar. Dahi Füzuli əbəs yerə demirdi ki, Azərbaycan dilində ona görə yazıram ki, bu mənim dilim, qəlb sirdaşımdır. Geneoloji təsnifata görə dilimiz türk dillərindən biri olub, oğuz qrupuna daxil olan böyük inkişaf yolu keçmiş ədəbi dillərdən biri hesab olunur. Təxminən dünyada 50 milyondan çox insanın ünsiyyət vasitəsi kimi bu dildə danışdığı məlumdur. Xalqın inkişafı, mübarizəsi ilə bağlı olan dil ən dəyərli sərvətdir. 1999-cu ildə YUNESCO tərəfindən qəbul olunmuş qərara əsasən 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Umummilli lider Heydər Əliyevin verdiyi sərəncama əsasən isə 2001-ci ildən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dil Günü kimi qeyd edilir.

Mənim ana dilim Azərbaycan dilidir, doğma respublikamızın dövlət dilidir. Mənim ana dilim poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir. Mənim ana dilim dosta məhəbbət, düşmənə nifrət dilidir.

Ana dili hər bir xalqın varlığının ən başlıca göstəricisi, ən böyük milli-mənəvi sərvətidir.

Milli dil xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir.

 

Our Mother Tongue ─  National Wealth

ABSTRACT

For centuries, our people has struggled to preserve and maintain the purity of the language. Our native language, which has been guiding us for centuries! In the past centuries such masterpieces like Sh.I.Khatai, M.Fuzuli, M.Vagif, F.Kocharli, U.Hajibov, J.Mammadguluzadeh, B.Vahabzade tried to preserve the purity of the language. Genius Fuzuli did not say in vain that I write in Azerbaijani, because it is my language, my heart. According to the geneological classification, our language is one of the Turkic languages ​​and one of the oldest literary languages ​​of the Oghuz group whish has passed a great way of development. Approximately 50 million people around the world are spoken in this language as a means of communication. The language associated with the development and struggle of the people is the most valuable asset. According to the UNESCO Declaration adopted in 1999, February 21 is celebrated worldwide as the International Mother Language Day. According to a decree issued by nationwide leader Heydar Aliyev, August 1 is celebrated as the Azerbaijani Alphabet and Azerbaijani Language Day in Azerbaijan since 2001. 

My mother tongue is Azerbaijani, the state language of our Republic. The mother tongue is a poetry language, a sweet lullaby language, a terrific song language. My mother tongue is the language of hate, hostility to friends.

The mother tongue is the most important indicator of the greatest national-spiritual wealth of every nation's existence.

The national language is an indispensable national wealth, which deals with the unique characteristics of the nation, of the people, its historical background and culture, its rich vocabulary, its beliefs and traditions, its moral behavior and its perspective and it has been delivered to centuries.

Giriş

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "xalqı xalq edən, milləti millət edən onun ana dilidir" (Kərimov, 2003:26-27).

Ərəb ölkələrindən birində təhsil alan azərbaycanlıların yanına öz həmvətəni gəlir. Şagird ustadından icazə alaraq həmvətəni ilə öz ana dilində danışmağa başlayır. Qonağı gedəndən sonra ustad öz şagirdinə yanaşıb hansı dildə danışdıqlarını soruşur. Şagird Azərbaycan dilində söhbət etdiklərini bildirir. Ustad bir anlıq susub sonra onların bütün danışıqlarını, Azərbaycan dilində təkrar edir.
        Bu əhvalatdan çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan dili həm sadə və asan, həm də şirin və ahəngdar bir dildir. Şagirdlə həmvətəninin söhbəti Azərbaycan dilinin sadə və asanlığına görə ustadın yadında qalmışdısa, ərəb dilli şəxsin danışığında gözəl səslənməsi bu dilin ahəng və şirinliyi ilə bağlı idi.

Bu hadisə neçə əsr bundan əvvələ aid bir əhvalatdır. Dilimiz o zaman indiki kimi səlis və rahat deyildi. Bu gün isə Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Indi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək mümkündür. Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır.
Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır (Cəfərova, 2016: 3-4).

Doğma dilim, sən ki varsan dünyada!
«Mən də varam!» söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!

Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili istər qədimliyi, istərsə də özümlüyü və zənginliyi, ahəngdarlığı və rəngarəngliyi baxımından dünyanın seçkin dillərindən biri sayılır. Xalqımızın bənzərsiz söz sənəti: çeşidli ağız ədəbiyyatı nümunələri, dünya folklorunun nadir incilərindən olan "Kitabi-Dədə Qorqud" dastanları, üsyankar Nəsiminin, qəlb şairi Füzulinin qüdrətli qələmindən çıxan əsərləri bu dildə yaranmış və ona böyük şöhrət və əbədiyaşarlıq qazandırmışdır. Tarixin müxtəlif dönəmlərində amansız və sərt sınaqlarla üzləşən, bu sınaqlardan üzüağ və şərəflə çıxan dilimiz zaman-zaman cilalanaraq daha da saflaşmış, zənginləşmiş və uzun bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının ümummilli lideri, doğma ana dilinin gözəl bilicisi və qayğıkeşi - hamisi Heydər Əliyev dilimizin bu keyfiyyəti haqqında müdrikcəsinə demişdir: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir". Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dilimiz haqqındakı bu sözləri də yuxarıdakı fikrin məntiqi davamı kimi səslənir: "Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir". Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və özümlüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə - elmin, texnikanın görünməmiş sürətlə irəli getdiyi bir zamanda bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya  dillərindən biridir  (Cəfərova, 2016: 72).

Məlum olduğu kimi, hər hansı bir dilin güclü inkişafı və zənginləşməsində xüsusilə də dövlət dili statusu qazanmasında onu təmsil edən xalqın, millətin müstəqil dövlətinin mövcudluğu həlledici rol oynayır. Bu mənada müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə (1918) Azərbaycan-türk dilinin daha geniş şəkildə tətbiq olunması üçün böyük imkanlar və münbit şərait yarandı. Yüzillik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini bütün ölkə ərazisində rəsmi dövlət dili elan etdi, onun inkişafı üçün müəyyən əməli tədbirlər həyata keçirməyə başladı, bu yöndə bir sıra müsbət addımlar atdı.  1918-1920-ci illərdə ölkədə yüksək səviyyəli elmi kadrların kifayət qədər olmaması və gənc respublikanın çox qısa bir zaman kəsiyində mövcudluğu Azərbaycan-türk dilinin həmin dönəmdə dövlət dili kimi  istənilən səviyyədə və geniş fəaliyyətinə imkan verilmədi.

            Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfüqlər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti  və misilsiz tarixi xidmətləri  mühüm və həlledici rol oynadı. Belə ki, ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı.  Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində  təkmilləşdi (Kərimov, 2003: 80).

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı olmuşdur. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən, xalq dilindən gəlmə deyimlərdən uğurla istifadə etmiş, özünəməxsus jest və mimikaları ilə nitqinin auditoriyaya, bütövlükdə xalqa təsir gücünün artmasına nail olmuşdur. Ulu öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində dilin azərbaycançılıqda birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq vurğulamışdır: "Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir".

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir", ana dilinə xor baxmaq xalqa biganəlikdir. Öz dilini bilməyib başqa dillərdə danışmağı ziyalılıq, çoxbilmişlik kimi qiymətləndirənlər, daha çox əcnəbi dilləri öyrənməyin vacibliyindən söz açanlar qənaətlərində yanılırlar. Özünü, öz dilini sevməyənlər heç vaxt başqasını, özgə dilini sevib dəyərləndirə bilməzlər. Ana dili xalqın mənəviyyatının güzgüsüdür. Bu güzgüdə özünü aydın görməyənlər başqa güzgüdə olduğu kimi görünə bilməzlər. Güzgü ləkə götürmədiyi kimi dil də ləkələndirilməməlidir. Öz dilini bəyənməyənlərin, dilə başqa vasitə kimi baxanların kamillik qazanmasına, öz xalqının taleyinə ürəkdən yanmasına, vətəndaş olaraq borcunu ləyaqətlə yerinə yetirməsinə inanmıram.  Dilinə laqeyd, ögey olanların xalqa, vətənə doğma olması inandırıcı deyil. Azərbaycanı sevmək, şöhrətləndirmək üçün dilimizi sevməli, qorumalıyıq. Dövlətin dilimizin saflığını təmin etmək sahəsində həyata keçirdiyi tədbirlər bunu deməyə əsas verir  (Qurbanov, 2018: 14-15).

Son illər AMEA-nın ana dilimizin saflaşması, lüğət tərkibinin yad sözlərdən, ifadələrdən təmizlənməsi və dilçiliyin inkişafı sahəsində göstərdiyi səylər önəmlidir. Sözsüz ki, bu fəaliyyətin daha da genişləndirilməsinə ehtiyac var. Akademiyanın Folklor İnstitutunun ədəbi, eləcə də xalq danışıq dilimizin qorunması və təbliği baxımından gördüyü işləri qeyd etməmək olmaz.  İnstitut son bir neçə ildə xalqımızın şifahi söz xəzinəsinin aşkarlanması, folklor nümunələrinin toplanması və kütləvi tirajla çap olunması sahəsində çox vacib bir vəzifəni yerinə yetirməyə çalışmışdır. Yaxşı haldır ki, toplanmış nümunələrdə xalq danışıq dilimizin incəlikləri, saflığı saxlanılmış, ayrı-ayrı ləhcələrdə ifadələrə yer verilsə də, bu, dilimizin vahidlik prinsipinə xələl gətirməmişdir. Qanunlarda, rəsmi yazışmalarda, məktəblərdə, dərsliklərdə, mətbuatda, radio və televiziyalarda, reklam işində, termin yaradıcılığında, ictimai münasibətlərdə, tədbirlərdə, görüşlərdə, demək olar ki, hər bir yerdə ana dilimiz öndə olmalıdır, səviyyəsini göstərməlidir, ahəngdarlığı, təmizliyi, paklığı ilə özünü təsdiq etməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: "Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir.  Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə  geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir". Dilimizə yad sözlərin gətirilməsi təhlükəli deyil, ana dili sözlərinin onlarla əvəz olunması təhlükəlidir (Qurbanov, 2018: 24).

Dilin gözəlliyi həm də onu işlədənlərdən, onların nitq bacarığından asılıdır. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.
 Mən ana dilimi - Azərbaycan dilini çox sevirəm və bu yazımı görkəmli şairimiz Nəbi Xəzrinin «Ana dili» şeirindən bir parça ilə bitirmək istəyirəm:

 

                             Ana gözlərindən süzən nur kimi,
                             Doldur ürəyimə sən gilə-gilə.
                             Hər kəlmən, hər sözün bəzənməyibmi
                             Mehriban anamın təbəssümüylə?!

                                    
            ƏDƏBİYYAT

 Kərimov, Y.Ş. (2003). Ana dilinin tədrisi metodikası. Bakı: Nasir, 446s.

Cəfərova, N.B. (2016). İbtidai siniflərdə Azərbaycan dilinin metodikası. Bakı: ADPU, 403s.

Qurbanov, V.T. (2018). Azərbaycan dili və nitq mədəniyyətinin əsasları. Bakı: Müəllim, 185s.

Həsənli, B.A. (2016). Ədəbiyyatın tədrisi metodikası. Bakı: Müəllim, 448s.